QAFQAZ ALBANİYASI VƏ QARABAĞ
Qafqaz
Albaniyası bugünkü Dağıstan və Cənubi Qafqaz regionunun müəyyən hissəsini əhatə
edən ən qədim dövlətlərdən biri kimi eramızdan əvvəl IV-III əsrlərdə alban
tayfalarının ittifaqı tərəfindən əsası qoyulmuşdur. Müxtəlif tayfaların məskunlaşma
ərazisi sayılan Qafqaz Albaniyası eramızın VIII əsrinə qədər öz mövcudluğunu
qorumuşdur. Antik dövrün yunan tarixçi və coğrafiyaçısı Strabon, Roma tarixçisi
Böyük Plini və coğrafiyaşünası Pomponi Melanın əsərlərində yer alan sözügedən ərazinin
tərkibinə Qarabağ da daxil idi. Atropatena hakimləri ilə münasibətlər əsasən,
“metropoliya”dan uzaqlıq səbəbindən olduqca zəif səciyyə daşısa da, alban
çarları ilə qarabağlıları möhkəm vassallıq əlaqələri bağlayırdı. Həmin əlaqələr
hərbi yürüşlərdə qurulur, çar əyanları ilə qohumluq vasitəsilə qorunub
saxlanılır və vahid din hesabına möhkəmlənirdi. Alban mənşəli qarabağlılar üçün
olduqca doğma hesab edilən Qafqaz Albaniyasının ikinci paytaxtı məhz onların
torpağında yerləşirdi. Qarabağ mərkəzi hissə olmaqla yanaşı, həm də dini və mədəni
mərkəz hesab olunurdu. Belə ki, alban çarı Urnayr 314-cü ildə xristianlığı rəsmi
dövlət dini elan etdikdən sonra burada çoxsaylı kilsə və məbədlər inşa edildi.
Həmin kilsələrdən dini mərkəz hesab edilən Ağdərə rayonunda yerləşən Gəncəsər
kilsəsi, Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksi və Ağdam rayonunda yerləşən
Gavurqala kilsəsi ən bariz nümunələr arasında yer alır. Bu abidələr Albaniya mədəniyyətinin
Qarabağda dərin iz buraxdığını açıq şəkildə sübut edir.
Albaniya
dövründə Qarabağın sosial-iqtisadi və ticarət həyatı xeyli inkişaf etmişdir. Əhalisinin
əsas məşğuliyyəti kənd təsərrüfatı və maldarlıq olan sözügedən ərazinin düzənliklərində
yollar kəsişirdi, çayların üzərindən körpülər salınmışdı, strateji aşırımlarda isə
gözətçi qüllələri ucaldılmışdı. Bölgə, həmçinin, İpək Yolunun keçdiyi
marşrutlardan biri olduğundan Qafqaz Albaniyasının ticarət və iqtisadi əlaqələrinin
gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Bundan başqa, Qarabağda hərbi-fiziki
hazırlığın inkişafı VII əsrin əvvəllərinə, qüdrətli alban hökmdarı Cavanşirin
dövrünə təsadüf edir. Onun sarayında fiziki tərbiyə üzrə müxtəlif növlü idman hərəkətləri qılınc oynatma, nizə atma,
ox atma, qaçış, güləş, yumruq döyüşü və s. məşğələləri fəaliyyət göstərirdi.
Qafqaz
Albaniyasının müstəqilliyinə 703-cü ildə ərəblər tərəfindən tamamilə son
qoyulmasına baxmayaraq, Qarabağ XIII əsrə qədər alban knyazlarının hakimiyyəti
altında qalmışdır. Əsasən, VI-X əsrlərdə alban knyazlıqları yerli idarəetməni və
hərbi təşkilatlanmanı həyata keçirirdilər. Alban dövlətçiliyinin təsirli olduğu
knyazlıqların Xəzərlər, Sasani, Bizans və ərəb xilafətləri ilə daimi əlaqələri
olmuşdur. Gülüstan knyazlığı VI-XI əsrlərdə Qafqaz Albaniyası ərazisi və
Qarabağın şimal hissəsini əhatə etmişdir. Knyazlığın mərkəzi müasir Azərbaycanın
Goranboy rayonunda yerləşən Gülüstan qalası olmuşdur. Hərbi baxımdan strateji
bölgə olan Gülüstan ərəb xilafətinin genişlənməsi və X əsrdə Səlcuq türklərinin
regiona gəlişi ilə zəifləməsinə baxmayaraq, mühüm siyasi və mədəni mərkəz
sayılmışdır. Çiləbörd knyazlığı əsasən, müasir Laçın rayonunu əhatə edən feodal
dövləti olmuşdur. Bu knyazlıq digər knyazlıqlar kimi müstəqil idarəetmə
sisteminə malik idi, lakin ərəb istilasından sonra digərləri ilə birlikdə tənəzzülə
uğramışdır. Bərdə knyazlığı isə Qafqaz Albaniyasında yerləşən önəmli
siyasi və inzibati mərkəz olmuşdur. Bu dövrdə Bərdə ticarət, dini və mədəni mərkəz
kimi ön plana çıxaraq, Cənubi Qafqazın ən böyük və zəngin şəhərlərindən birinə
çevrilmişdir. Sözügedən knyazlıq ərəb xilafətinə tabe olsa da, yerli alban knyazlarının
muxtariyyəti saxlanmışdır. IX əsrdən etibarən isə müxtəlif türk tayfalarının
hücumuna məruz qalaraq, öz tarixi əhəmiyyətini itirmişdir.
Ümumiyyətlə,
Qarabağ istər Qafqaz Albaniyası, istərsə də alban knyazlıqları dövründə coğrafi
mövqeyinə görə fərqlənirdi. Xüsusən, dağlıq relyefi və təbii qalalarının
mövcudluğu knyazlıqların xarici işğalçılara qarşı müdafiə olunmasını təmin
edirdi. XII-XIII əsrlərdə Qarabağ ərazisindəki Xaçın knyazlığın müstəqilliyi şərti
və imkanları son dərəcə məhdud olsa da, Mehranilər sülaləsinin sonuncu alban
hökmdarı Həsən-Cəlalın dövrü ölkənin iqtisadi, siyasi və mədəni dirçəlişi ilə səciyyələnən
“alban renessansı” adlandırılır. Bu tərəqqi özünü kənd təsərrüfatının və sənət
növlərinin inkişafında, ticarət əlaqələrinin genişlənməsində və tikinti sahəsində
göstərirdi. Lakin firəvanlıq dövrü uzun çəkmir. Çünki qüdrətli Qafqaz
Albaniyasının kiçik kölgəsini xatırladan kiçik Xaçın knyazlığının monqolların
istilasını dəf etmə ehtimalı sıfıra bərabər idi. Həsən-Cəlal həmin ərəfədə
özünün və yaxınlarının həyatını Xaçın qalasına sığınaraq xilas edə bilərdi. Həmin
qala ən şiddətli həmləyə tab gətirməyə qadir idi. Sonuncu alban hökmdarı 1222-ci
ildə monqol sərkərdəsi Cucinin hüzuruna yollanaraq, Qarabağı dağıntılardan və
asılılıqdan xilas etdi. Lakin Qarabağın digər əraziləri istiladan boyun qaçıra
bilmədi və həyat əlamətləri zəiflədi. Həsən-Cəlalın uğurlu siyasəti Qarabağı
sonrakı monqol yürüşlərindən də qorudu. Hətta onun knyazlığı dövründə Qızıl
Orda xanı Batı xan Qarabağın yüksək mənsəbli himayədarına çevrilmişdi. Batı
xanın ölümündən sonra Həsən-Cəlal öldürülərək, 1261-ci ildə Xaçın knyazlığının
müstəqilliyinə son qoyuldu. Bununla da, Qarabağın min ildən çox tərkibində
olduğu Albaniyanın hökmranlığı tamamilə bitir.
Əsədova Tünzalə