30.09.2024
CƏNUBİ QAFQAZIN ENERJİ TRANZİTİ VƏ GEOSİYASİ ƏHƏMİYYƏTİ

XX əsrin son onilliyində və XXI əsrin başlanğıcında dünyada gedən ictimai-siyasi və beynəlxalq əhəmiyyətli hadisələr nəticəsində Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünyadakı güc mərkəzlərindən birinə çevrilmişdir. Bu gün dünyanın müxtəlif güc mərkəzlərinin Avrasiyada geosiyasi maraqlarının kəsişməsindən bəhs edərkən ilk növbədə enerji resursları ilə zəngin olan Xəzər -Qara dəniz hövzələri və Cənubi Qafqaz göz önünə gəlir. Cənubi Qafqaz, enerji resurslarının hasilatı və tranziti baxımından əhəmiyyətli bir regiondur. Xüsusilə Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngindir və bu resurslar müxtəlif boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırılır. Azərbaycanın enerji sektoru təkcə ölkə iqtisadiyyatının əsasını təşkil etmir, həm də Avropa və Asiya üçün mühüm enerji təminatçısı kimi çıxış edir.

Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azad xarici siyasət yürütməyə başladılar. Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra xarici siyasətindəki ən önəmli addımlarından biri Ümumilli lider Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də Bakıda imzaladığı “Əsrin Müqaviləsi”dir. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin su qatlarında neftin birgə işlənməsi ilə bağlıdır. Müqavilə tarixi siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmışdır. Müqavilə Azərbaycan və  13 məşhur neft şirkəti arasında imzalanmışdır. Bu müqavilə “Yeni neft strategiyası”nın həyata keçirilməsinə və Azərbaycanın neft sənayesindəki inkişafına şərait yaratmışdır.

Həmçinin, Cənubi Qafqazda bir sıra mühüm enerji layihələri mövcuddur ki, bunlar regionun enerji təhlükəsizliyini təmin etmək, iqtisadi inkişafını dəstəkləmək və beynəlxalq enerji bazarlarına inteqrasiya etmək məqsədini güdür. “Cənub Qaz Dəhlizi” layihələri üç əsas qaz kəmərinin birləşməsindən ibarətdir. Bu layihə Xəzər dənizinin Azərbaycan sahilindəki Səngəçal terminalından başlayır və İtaliyanın cənubuna qədər, Adriatik dənizinin altından keçməklə 3500 km məsafə qət edir. Layihənin məqsədi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının “Mərhələ-2” (“Şahdəniz-2”) layihəsi çərçivəsində hasil edilən təbii qazı Türkiyə və Avropa bazarlarına çatdırmaqdır. “Cənub Qaz Dəhlizi”nin ilk hissəsi Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə başlayır və Xəzər sahilindən Gürcüstan-Türkiyə sərhədinə qədər uzanır. Gürcüstan-Türkiyə sərhədindən başlayaraq, Türkiyəni şərqdən qərbə doğru keçən və Türkiyə-Yunanıstan sərhədində sonlanan magistral qaz kəməri Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) adlanır. Türkiyə-Yunanıstan sərhədindən sonra, Albaniyadan keçərək İtaliyanın cənubuna qədər uzanan hissədə inşa edilən qaz kəməri isə Trans-Adriatik Boru Kəməri (TAP) kimi tanınır.

Bununla yanaşı, enerji infrastrukturunun əsas komponentləri neft və qaz kəmərləridir. Enerji təhlükəsizliyini təmin etmək üçün region ölkələri, xüsusən də Azərbaycan, enerji marşrutlarını şaxələndirməyə çalışır. Alternativ enerji kəmərlərinin və layihələrinin həyata keçirilməsi regionun enerji təminatını daha sabit və təhlükəsiz edir. Bu marşrutlar Azərbaycanın enerji resurslarını yalnız bir kəmərə deyil, bir neçə kəmər vasitəsilə ixrac etməsinə imkan yaradır, bu da təchizatın təhlükəsizliyini artırır. Həmçinin, Avropanın enerji təminatında Rusiyadan asılılığı azaltmağa kömək edir. Beləliklə, enerji diversifikasiyası həm regional, həm də beynəlxalq enerji təhlükəsizliyini gücləndirir. Cənubi Qafqazda enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün yeni texnologiyalar və strategiyalar inkişaf etdirilir.

Bu gün iki müstəqil Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, TRASEKA, Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bunların arasında  Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri də vardır ki, bu kəmər vasitəsilə Xəzər dənizindən hasil olunan neft Türkiyə vasitəsilə Aralıq dənizinə çatdırılır. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr Qafqazı Asiya və Avropa arasında ticarət və nəqliyyat dəhlizinə çevirməklə iqtisadi qarşılıqlı əlaqəni artıra bilər. Bakı-Tbilisi-Erzurum (BTE) qaz kəməri isə Azərbaycanın təbii qazını Türkiyə və Avropaya nəql edir. Bu infrastrukturlar beynəlxalq enerji bazarlarında stabil təchizatın təmin olunmasında həlledici rol oynayır. Bu layihələr region ölkələrinin iqtisadi inkişafına və inteqrasiyasına töhfə verməklə strateji əhəmiyyətə malikdir. Bununla yanaşı, regionda su ehtiyatları və su yolları da strateji rola malikdir.  Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirilmişdir.

Bununla belə, bilirik ki, Cənubi Qafqazda müxtəlif münaqişələrin olması enerji təhlükəsizliyinə təhdiddir. Xüsusilə Ermənistan və Azərbaycan arasında baş vermiş hərbi toqquşmalar enerji infrastrukturunun təhlükəsizliyinə ciddi təhdidlər yaratmışdır. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın enerji infrastrukturu üçün risklər artmışdır. Sözügedən münaqişə zamanı, işğalçı Ermənistan tərəfi Azərbaycanın neft və qaz kəmərlərinə hücum təhlükəsi yaratmışdır. Bu hal, Cənubi Qafqaz regionunun əsas enerji istehsalçısı olan Azərbaycan Respublikasının enerji infrastrukturunu təhlükə altına almışdır.

tərcüməçi

Hüseynova Şəlalə