30.09.2024
CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏ OCAQLARI

Cənubi Qafqaz (South Caucasus) regionu Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən və Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərindən ibarət olan coğrafi-siyasi bölgədir. Cənubi Qafqaz regionu mürəkkəb coğrafi struktura malikdir və burada yüksəkliklər, dağlar, vadilər, çaylar və göllər geniş yayılmışdır. Bölgə subtropikdən yüksək dağlıq iqlim zonalarına qədər müxtəlif iqlimə malikdir. Cənubi Qafqaz zəngin flora və fauna müxtəlifliyi ilə tanınır.

Bu region, mürəkkəb tarixi və etnik müxtəlifliyi səbəbindən bir çox münaqişə ocaqlarına malikdir. Bu münaqişələr regionun sabitliyini və təhlükəsizliyini daim təhlükə altında saxlayır. Əsas münaqişə ocaqlarından biri Qarabağ münaqişəsidir.

Qarabağ Münaqişəsi (Ermənistan və Azərbaycan): Birinci Qarabağ müharibəsi 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi davam etmiş, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir. Münaqişə zamanı Ermənistanın əsas məqsədi, Azərbaycanın ərazilərinin bir hissəsini ilhaq etmək olmuşdur. Tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatlar 1992-ci ilin qış aylarında başlamışdır. Artıq müharibənin başa çatması ərəfəsində ermənilər Azərbaycanın Xankəndi, Xocavənd, Xocalı, Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmiş və nəzarəti ələ keçirmişdir. Münaqişənin nəticəsində on minlərlə insan həyatını itirmiş,  Ermənistan və Qarabağdan 800.000 azərbaycanlı məcburi köçkün düşmüşdür. 1994-cü il atəşkəsindən sonra bölgədə ən şiddətli döyüşlər 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlamışdır. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq MərcanlıGoranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Dörd gün davam etmiş döyüşlərdən sonra 5 aprel tarixində hər iki tərəfin razılığı ilə atəşkəslə bağlı müqavilə imzalanmışdır. Ermənistan tərəfi isə buna baxmayaraq atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. 

2020-ci ildə qarşıdurmalar 27 sentyabr səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başlamışdır. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Ermənistanı sülh danışıqlarına çağırmışdır, lakin Ermənistan  məzmununu məhv etmişdir. Baş vermiş müharibə nəticəsində isə Azərbaycan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğaldan azad etmişdir.

Bu bölgədə növbəti dəfə 19 sentyabr 2023-cü il səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başlamışdır. Azərbaycan Müdafiə Nazirliyinin lokal xarakterli antiterror əməliyyatı adı verdiyi bu toqquşmanı Ermənistan rəsmiləri “Azərbaycanın ermənilərə qarşı təcavüzü” adlandırmışdır. Bir gün davam etmiş əməliyyatlar 20 sentyabr saat 13:00-da əldə olunan razılığa əsasən dayandırılmışdır. Bu əməliyyat sayəsində Xankəndi, Xocavənd, Xocalı və Ağdərə rayonları düşmən işğalından azad edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü tamamilə bərpa olunmuşdur. Separataçı rejim Qarabağ regionunu tərk etmişdir. Lakin bu regiondakı münaqişə günümüzə qədər tam həll olunmayıb və bölgədə gərginlik hələ də davam edir. Çünki, Ermənistan region dövlətləri ilə mehriban qonşuluq prinsipləri ilə yaşamaq niyyətini hələ də göstərməmişdir.

Vətən müharibəsi Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi, geostrateji istiqamətlər cəhətdən qüvvələr balansında çoxlu dəyişikliklər yaratmışdır. Müharibədə Azərbaycan Cənubi Qafqazdakı dinamikanı hər cəhətdən yeniləmişdir. Cənubi Qafqaz regionu hazırda böyük dövlətlərin daha çox maraq dairəsindədir.

Cənubi Osetiya: Cənubi Osetiya ərazisi (3900 kv.km) eramızdan əvvəl I minilliyin ikinci yarısında İber (Kartli) dövlətinin tərkibində olmuşdur. Gürcüstanın Bu regionda gürcülərlə osetinlər arasında münaqişə Sovet İttifaqının süqutu ilə başlamışdır. Osetinlər Gürcüstandan ayrılaraq müstəqil olmaq istəmişlər, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında bu bölgə ilə bağlı silahlı münaqişə baş vermiş, nəticədə Rusiya Cənubi Osetiyanı de-fakto müstəqil elan etmişdir. Lakin beynəlxalq səviyyədə Cənubi Osetiya Gürcüstanın bir hissəsi kimi tanınmışdır.

Abxaziya: İndiki Abxaziya (8600 kv.km) ərazisi eramızdan əvvəl I minilliyin ortalarında Kolxido krallığının bir hissəsi olmuşdur. Sovet İttifaqının dağılmasından sonra buradakı etnik abxazlar müstəqillik uğrunda mübarizə aparmışlar. 1992-1993-cü illərdə Gürcüstanla Abxaziya arasında genişmiqyaslı müharibə baş vermişdir. Nəticədə Abxaziya de-fakto müstəqilliyini elan etmiş, lakin beynəlxalq səviyyədə bu müstəqillik tanınmamış və bölgə də Gürcüstanın bir hissəsi kimi qəbul olunmuşdur.

Cənubi Qafqaz ərazisində baş vermiş münaqişələr regionu inkişaf baxımından çox geriyə aparmışdır. Bunun əsas səbəbi isə hegemon dövlətlərin regionda imperialist siyasət həyata keçirərək Gürcüstan və Azərbaycanı siyasi və iqtisadi cəhətdən özlərindən asılı vəziyyətə salmaq istəməsi olmuşdur. Buna görə də, regionda istədiklərini təlqin etmək üçün terror, işğal, ayrıseçkilik rəsmi siyasəti olmuş Ermənistan dövlətinə hər zaman dəstək göstərilmişdir. Elə bu səbəblə, həm Azərbaycan, həm də Gürcüstan hüquqi dövlətçilik prinsiplərini qorumaq yolunda bütün zamanlarda zərbələrə, eləcə də təzyiqlərə məruz qalmışlar.

 tərcüməçi

 Quluzadə Solmaz