Cənubi Qafqaz
(South Caucasus) regionu Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda
yerləşən və Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərindən ibarət olan
coğrafi-siyasi bölgədir. Cənubi Qafqaz regionu mürəkkəb coğrafi struktura
malikdir və burada yüksəkliklər, dağlar, vadilər, çaylar və göllər geniş
yayılmışdır. Bölgə subtropikdən yüksək dağlıq iqlim zonalarına qədər müxtəlif
iqlimə malikdir. Cənubi Qafqaz zəngin flora və fauna müxtəlifliyi ilə tanınır.
Bu region, mürəkkəb
tarixi və etnik müxtəlifliyi səbəbindən bir çox münaqişə ocaqlarına malikdir.
Bu münaqişələr regionun sabitliyini və təhlükəsizliyini daim təhlükə altında
saxlayır. Əsas münaqişə ocaqlarından biri Qarabağ münaqişəsidir.
Qarabağ Münaqişəsi
(Ermənistan və Azərbaycan): Birinci Qarabağ müharibəsi 1980-ci
illərin sonlarından 1994-cü ilin mayına kimi davam etmiş, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan Respublikası və
Azərbaycan Respublikası arasında
baş vermiş etnik və ərazi münaqişəsidir. Münaqişə zamanı Ermənistanın əsas məqsədi,
Azərbaycanın ərazilərinin bir hissəsini ilhaq etmək olmuşdur. Tərəflər arasında
genişmiqyaslı hərbi əməliyyatlar 1992-ci ilin qış aylarında başlamışdır. Artıq müharibənin
başa çatması ərəfəsində ermənilər Azərbaycanın Xankəndi, Xocavənd, Xocalı,
Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarını işğal etmiş və nəzarəti ələ keçirmişdir. Münaqişənin nəticəsində on
minlərlə insan həyatını itirmiş, Ermənistan
və Qarabağdan 800.000 azərbaycanlı məcburi köçkün düşmüşdür. 1994-cü il atəşkəsindən
sonra bölgədə ən şiddətli döyüşlər 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə
başlamışdır. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi
ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy
rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar
düşməndən azad olunmuşdur. Dörd gün davam etmiş döyüşlərdən sonra 5 aprel
tarixində hər iki tərəfin razılığı ilə atəşkəslə bağlı müqavilə imzalanmışdır. Ermənistan tərəfi
isə buna baxmayaraq atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə
pozmuşdur.
2020-ci ildə qarşıdurmalar 27 sentyabr səhər saat
06:00-da Qarabağ müharibəsindən sonra
yaradılmış təmas xətti boyunca
başlamışdır. İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Ermənistanı sülh
danışıqlarına çağırmışdır, lakin Ermənistan məzmununu məhv etmişdir. Baş vermiş müharibə nəticəsində isə Azərbaycan Şuşa,
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını
işğaldan azad etmişdir.
Bu bölgədə növbəti
dəfə 19
sentyabr 2023-cü il səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri və
erməni silahlı birləşmələri arasında silahlı toqquşma başlamışdır. Azərbaycan
Müdafiə Nazirliyinin lokal xarakterli antiterror əməliyyatı adı verdiyi bu
toqquşmanı Ermənistan rəsmiləri “Azərbaycanın ermənilərə qarşı təcavüzü”
adlandırmışdır. Bir gün davam etmiş əməliyyatlar 20 sentyabr saat 13:00-da əldə
olunan razılığa əsasən dayandırılmışdır. Bu əməliyyat sayəsində Xankəndi, Xocavənd,
Xocalı və Ağdərə rayonları düşmən işğalından azad edilmiş və Azərbaycan
Respublikasının ərazi bütövlüyü tamamilə bərpa olunmuşdur. Separataçı rejim
Qarabağ regionunu tərk etmişdir. Lakin
bu regiondakı münaqişə günümüzə qədər tam həll olunmayıb və bölgədə gərginlik hələ
də davam edir. Çünki, Ermənistan region dövlətləri ilə mehriban qonşuluq
prinsipləri ilə yaşamaq niyyətini hələ də göstərməmişdir.
Vətən müharibəsi Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi, geostrateji istiqamətlər cəhətdən qüvvələr balansında çoxlu dəyişikliklər yaratmışdır. Müharibədə Azərbaycan Cənubi Qafqazdakı dinamikanı hər cəhətdən yeniləmişdir. Cənubi Qafqaz regionu hazırda böyük dövlətlərin daha çox maraq dairəsindədir.
Cənubi Osetiya:
Cənubi Osetiya ərazisi (3900 kv.km) eramızdan əvvəl I minilliyin ikinci
yarısında İber (Kartli) dövlətinin tərkibində olmuşdur. Gürcüstanın Bu regionda
gürcülərlə osetinlər arasında münaqişə Sovet İttifaqının süqutu ilə başlamışdır.
Osetinlər Gürcüstandan ayrılaraq müstəqil olmaq istəmişlər, 2008-ci ildə Rusiya
ilə Gürcüstan arasında bu bölgə ilə bağlı silahlı münaqişə baş vermiş, nəticədə
Rusiya Cənubi Osetiyanı de-fakto müstəqil elan etmişdir. Lakin beynəlxalq səviyyədə
Cənubi Osetiya Gürcüstanın bir hissəsi kimi tanınmışdır.
Abxaziya: İndiki
Abxaziya (8600 kv.km) ərazisi eramızdan əvvəl I minilliyin ortalarında Kolxido
krallığının bir hissəsi olmuşdur. Sovet İttifaqının dağılmasından sonra
buradakı etnik abxazlar müstəqillik uğrunda mübarizə aparmışlar. 1992-1993-cü
illərdə Gürcüstanla Abxaziya arasında genişmiqyaslı müharibə baş vermişdir. Nəticədə
Abxaziya de-fakto müstəqilliyini elan etmiş, lakin beynəlxalq səviyyədə bu müstəqillik
tanınmamış və bölgə də Gürcüstanın bir hissəsi kimi qəbul olunmuşdur.
Cənubi Qafqaz ərazisində
baş vermiş münaqişələr regionu inkişaf baxımından çox geriyə aparmışdır. Bunun əsas
səbəbi isə hegemon dövlətlərin regionda imperialist siyasət həyata keçirərək Gürcüstan
və Azərbaycanı siyasi və iqtisadi cəhətdən özlərindən asılı vəziyyətə salmaq
istəməsi olmuşdur. Buna görə də, regionda istədiklərini təlqin etmək üçün
terror, işğal, ayrıseçkilik rəsmi siyasəti olmuş Ermənistan dövlətinə hər zaman
dəstək göstərilmişdir. Elə bu səbəblə, həm Azərbaycan, həm də Gürcüstan hüquqi
dövlətçilik prinsiplərini qorumaq yolunda bütün zamanlarda zərbələrə, eləcə də
təzyiqlərə məruz qalmışlar.
tərcüməçi
Quluzadə Solmaz