2020-Cİ İLDƏ BAŞ VERMİŞ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA BÖLGƏDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ
2020-ci
ildə baş tutmuş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası qələbə
çalaraq, Ermənistan Respublikasını məğlub etmiş və işğala son qoymuşdur. Vətən
müharibəsindən sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş bölgədə ən
müasir standartlarla, genişmiqyaslı yenidənqurma işlərinə başlamışdır.
Yenidənqurma
və bərpa işləri məscidləri də əhatə etmişdir. Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci il 8 dekabr tarixində
Heydər Əliyev Fondunun işğaldan azad olunan bölgələrdəki mədəni-dini abidələrin,
məscidlərin bərpası üzrə layihələrə başladığını bəyan etmişdir. Bugünümüzə qədər
Ağdamda Cümə məscidi, Şuşada yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa,
Mamayı, Təzə məhəllə və Saatlı məscidləri bərpa işlərindən sonra istifadəyə
verilmişdir. Cari ilin 18 may tarixində isə təməli Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən qoyulan Zəngilan məscidinin açılış mərasimi
həyata keçirilmişdir. Hazırda Şuşa, Laçın, Hadrut və Suqovuşan ərazilərində
yeni məscidlərin tikilişi, Şuşada yerləşən Çöl Qala məscidinin isə bərpası davam
etdirilir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil
yolunun tikintisinə başlanması yenidənqurma və bərpa layihəsi çərçivəsindədir.
Yeni yolun uzunluğu 82 kilometrdir. Bu yol başlanğıcını Göygöl rayonunun
Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunundan keçir. Sözügedən avtomobil
yolu bir çox yaşayış məntəqələri, rayon mərkəzi və İstisu ərazisinə qədər rahat
gediş-gəlişi təmin etməyi özündə ehtiva
etmişdir.
Qarabağda,
həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il sərəncamına
əsasən “Ağıllı kənd” (Smart Village) və “Ağıllı şəhər” (Smart City) layihələri
çərçivəsində müasir yaşayış məntəqələrinin tikintisinə başlanmışdır.
“Ağıllı
kənd” layihəsi kənd yerlərində texnologiyaların tətbiqi ilə insanların həyat şəraitinin
yaxşılaşdırılmasına yönəlmişdir. Bu, kənd təsərrüfatı, enerji təchizatı, su
idarəçiliyi və digər sahələrdə rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Azərbaycanın
işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi ölkədə ilk “ağıllı kənd”
kimi inşa edilən yer olmuşdur. Burada elektrik enerjisi, əsasən, günəş və külək
enerjisindən alınmışdır. Rəqəmsal texnologiyalar vasitəsilə suvarma, məhsul
yığımı və heyvandarlıq kimi sahələr daha
səmərəli idarə edilmişdir.
“Ağıllı
şəhər” konsepsiyası texnologiyanın şəhərlərdə daha məhsuldar, təhlükəsiz və
ekoloji yaşayış şəraiti qurmaq üçün tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycanın
tarixi mərkəzlərindən biri Şuşa şəhəri də “ağıllı şəhər” layihələrinin həyata
keçirildiyi əsas yerlərdən biri olmuşdur. Füzuli və Ağdam da bu konsepsiya ilə
yenidən qurulan şəhərlər sırasındadır. Bu layihələr Azərbaycanda uğurla davam
etdirilir.
Yenidənqurma
və bərpa işlərinin bir hissəsi olaraq, hava limanı layihələri diqqət mərkəzindədir.
2021-ci il 16 avqust tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan
Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə başa çatdırılacağı
planlaşdırılmışdır. Füzuli və Zəngilan hava limanları isə artıq istifadəyə
verilmişdir. Zəngilan Beynəlxalq Hava Limanı yaxın zamanda tam gücü ilə işləyəcəkdir.
Xocalı Hava Limanı da genişləndirilərək yenidən qurulacaq, burada mövcud
uçuş-enmə zolağı təkmilləşdiriləcəkdir.
Bundan
əlavə, işğaldan azad olunan torpaqlarda ilk istismara verilən elektrik stansiya
olaraq “Güləbird” Su Elektrik Stansiyasını da qeyd edə bilərik.
Qarabağda
və Şərqi Zəngəzurda 28 yeni su elektrik stansiyasının tikintisi davam
etdirilir. Bu layihə, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə
2024-2040-cı illəri əhatə edən Milli Strategiya çərçivəsində həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədlərindən biri, həmin bölgədə
hidroenerji potensialından yararlanmaqla “ağıllı su” sistemlərinin tətbiq edilməsi
olmuşdur. Bu addımlar daha kompakt enerji stansiyalarının yaradılmasını nəzərdə
tutmuşdur. Artıq, bəzi su elektrik stansiyaları, məsələn, Zəngilan rayonundakı
“Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilmişdir.
Sözügedən
ərazilərdə su anbarlarının tikintisi genişmiqyaslı infrastruktur layihələrinin
bir hissəsidir. 19 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay”
su anbarlarının layihələri ilə tanış olmuşdur. Bu layihələr, Prezident İlham
Əliyevin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın
21-ci iclasında hazırlanmışdır.
Bundan
başqa, Füzuli rayonunda Köndələnçay, Tərtər rayonunda Suqovuşan, Ağdam
rayonunda Xaçınçay su anbarı təmir və bərpa işlərindən sonra istifadəyə
verilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli sərəncamına
əsasən “Azərbaycan Respublikasının işğaldan azad olunan bölgələrinə “Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na uyğun, bu ərazilərin yenidən bərpası,
inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı yenidənqurma
işləri həyata keçirilməkdədir.
Tədbirlər
planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə yaşayış yerlərində
təhsil müəssisələrinin tikintisi və bərpasına başlanması tapşırılmışdır.
Sənəddə
Şuşada 7, Füzulidə 23, Ağdamda 29, Zəngilanda və Laçında 21, Cəbrayılda 25,
Qubadlıda 16, Kəlbəcərdə 30, Xocavənddə 20 və Tərtər rayonunda 5 məktəbəqədər və
ümumi təhsil müəssisəsinin tikilməsi və bərpası nəzərdə tutulması qeyd
olunmuşdur.
Prezidentin
28 noyabr 2023-cü il Sərəncamına əsasən isə Xankəndi şəhərində Qarabağ
Universitetinin yaradılması barədə qərar qəbul edilmişdir. 2024-cü ilin 20 sentyabrında
İlham Əliyev Qarabağ Universitetinin bərpa təmir işlərindən sonra açılışında
iştirak etmişdir. Qarabağ Universitetində dərslər cari ilin 15 sentyabr
tarixində başlamışdır.
Bu
proseslər uzunmüddətli inkişaf planlarının bir hissəsidir və bölgənin gələcəkdə
iqtisadi və sosial baxımdan daha stabil olmasına yönəlmişdir.
tərcüməçi
Solmaz Quluzadə