18.10.2024
2020-Cİ İLDƏ BAŞ VERMİŞ İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN SONRA BÖLGƏDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİ

2020-ci ildə baş tutmuş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası qələbə çalaraq, Ermənistan Respublikasını məğlub etmiş və işğala son qoymuşdur. Vətən müharibəsindən sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş bölgədə ən müasir standartlarla, genişmiqyaslı yenidənqurma işlərinə başlamışdır.

Yenidənqurma və bərpa işləri məscidləri də əhatə etmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci il 8 dekabr tarixində Heydər Əliyev Fondunun işğaldan azad olunan bölgələrdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihələrə başladığını bəyan etmişdir. Bugünümüzə qədər Ağdamda Cümə məscidi, Şuşada yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə və Saatlı məscidləri bərpa işlərindən sonra istifadəyə verilmişdir. Cari ilin 18 may tarixində isə təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulan Zəngilan məscidinin açılış mərasimi həyata keçirilmişdir. Hazırda Şuşa, Laçın, Hadrut və Suqovuşan ərazilərində yeni məscidlərin tikilişi, Şuşada yerləşən Çöl Qala məscidinin isə bərpası davam etdirilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinə başlanması yenidənqurma və bərpa layihəsi çərçivəsindədir. Yeni yolun uzunluğu 82 kilometrdir. Bu yol başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunundan keçir. Sözügedən avtomobil yolu bir çox yaşayış məntəqələri, rayon mərkəzi və İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin etməyi  özündə ehtiva etmişdir.

Qarabağda, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il sərəncamına əsasən “Ağıllı kənd” (Smart Village) və “Ağıllı şəhər” (Smart City) layihələri çərçivəsində müasir yaşayış məntəqələrinin tikintisinə başlanmışdır.

“Ağıllı kənd” layihəsi kənd yerlərində texnologiyaların tətbiqi ilə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Bu, kənd təsərrüfatı, enerji təchizatı, su idarəçiliyi və digər sahələrdə rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi ölkədə ilk “ağıllı kənd” kimi inşa edilən yer olmuşdur. Burada elektrik enerjisi, əsasən, günəş və külək enerjisindən alınmışdır. Rəqəmsal texnologiyalar vasitəsilə suvarma, məhsul yığımı və heyvandarlıq  kimi sahələr daha səmərəli idarə edilmişdir.

“Ağıllı şəhər” konsepsiyası texnologiyanın şəhərlərdə daha məhsuldar, təhlükəsiz və ekoloji yaşayış şəraiti qurmaq üçün tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycanın tarixi mərkəzlərindən biri Şuşa şəhəri də “ağıllı şəhər” layihələrinin həyata keçirildiyi əsas yerlərdən biri olmuşdur. Füzuli və Ağdam da bu konsepsiya ilə yenidən qurulan şəhərlər sırasındadır. Bu layihələr Azərbaycanda uğurla davam etdirilir.

Yenidənqurma və bərpa işlərinin bir hissəsi olaraq, hava limanı layihələri diqqət mərkəzindədir. 2021-ci il 16 avqust tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə başa çatdırılacağı planlaşdırılmışdır. Füzuli və Zəngilan hava limanları isə artıq istifadəyə verilmişdir. Zəngilan Beynəlxalq Hava Limanı yaxın zamanda tam gücü ilə işləyəcəkdir. Xocalı Hava Limanı da genişləndirilərək yenidən qurulacaq, burada mövcud uçuş-enmə zolağı təkmilləşdiriləcəkdir.

Bundan əlavə, işğaldan azad olunan torpaqlarda ilk istismara verilən elektrik stansiya olaraq “Güləbird” Su Elektrik Stansiyasını da qeyd edə bilərik.

Qarabağda və Şərqi Zəngəzurda 28 yeni su elektrik stansiyasının tikintisi davam etdirilir. Bu layihə, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə 2024-2040-cı illəri əhatə edən Milli Strategiya çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədlərindən biri, həmin bölgədə hidroenerji potensialından yararlanmaqla “ağıllı su” sistemlərinin tətbiq edilməsi olmuşdur. Bu addımlar daha kompakt enerji stansiyalarının yaradılmasını nəzərdə tutmuşdur. Artıq, bəzi su elektrik stansiyaları, məsələn, Zəngilan rayonundakı “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilmişdir.

Sözügedən ərazilərdə su anbarlarının tikintisi genişmiqyaslı infrastruktur layihələrinin bir hissəsidir. 19 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuşdur. Bu layihələr, Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 21-ci iclasında hazırlanmışdır.

Bundan başqa, Füzuli rayonunda Köndələnçay, Tərtər rayonunda Suqovuşan, Ağdam rayonunda Xaçınçay su anbarı təmir və bərpa işlərindən sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasının işğaldan azad olunan bölgələrinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun, bu ərazilərin yenidən bərpası, inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı yenidənqurma işləri həyata keçirilməkdədir.

Tədbirlər planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə yaşayış yerlərində təhsil müəssisələrinin tikintisi və bərpasına başlanması tapşırılmışdır.

Sənəddə Şuşada 7, Füzulidə 23, Ağdamda 29, Zəngilanda və Laçında 21, Cəbrayılda 25, Qubadlıda 16, Kəlbəcərdə 30, Xocavənddə 20 və Tərtər rayonunda 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikilməsi və bərpası nəzərdə tutulması qeyd olunmuşdur.

Prezidentin 28 noyabr 2023-cü il Sərəncamına əsasən isə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması barədə qərar qəbul edilmişdir. 2024-cü ilin 20 sentyabrında İlham Əliyev Qarabağ Universitetinin bərpa təmir işlərindən sonra açılışında iştirak etmişdir. Qarabağ Universitetində dərslər cari ilin 15 sentyabr tarixində başlamışdır.

Bu proseslər uzunmüddətli inkişaf planlarının bir hissəsidir və bölgənin gələcəkdə iqtisadi və sosial baxımdan daha stabil olmasına yönəlmişdir.

 

tərcüməçi

Solmaz Quluzadə