17.10.2024
İNTEQRASİYANIN YENİ SƏHİFƏSİ OLAN ZƏNGƏZUR DƏHLİZİNİN STRATEJİ ƏHƏMİYYƏTİ

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etmək məqsədilə Vətən müharibəsinə başlamışdır. Bu yolda zəfər qazanan Azərbaycan tərəfi 19 sentyabr 2023-cü il lokal xarakterli antiterror əməliyyatı ilə öz ərazi bötövlüyünü tamamilə təmin etmişdir. Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində bölgədəki kommunikasiya xətlərinin bərpa olunması yer almışdır. 26 oktyabr 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atmışlar. Qeyd olunan hadisənin ardınca, 2021-ci il Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Soçi Bəyannaməsi “Zəngəzur dəhlizi” reallığa çevrilməsi üçün atılan ilk addım olmuşdur. Dəhliz  30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik (Zəngəzur)  bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini biri-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcəkdir.

Türk dünyasını birləşdirən bu tarixi dəhliz lokal və regional müstəvidə önəm kəsb etməkdədir. Lokal xarakterdə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası öz torpaqları arasındakı quru əlaqəni bərpa etməklə yanaşı dəhlizin istifadəyə verilməsi ilə regional ticarət marşrutlarının qısa və effektiv şəkildə təşkil edilməsinə imkan yaradacaqdır. Bununla da, lokal istehsalçıların məhsullarını daha sürətli bazara çıxarmasına, eyni zamanda, xarici investorların regiona cəlb olunmasına kömək edəcəkdir   Prezident İlham Əliyev Zəngəzur dəhlizinin strateji əhəmiyyətini müxtəlif regional və beynəlxalq forumlarda, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə 77-ci İqtisadi və Sosial Komissiyasında çıxışlarında qeyd etmişdir. Azərbaycan Prezidenti müsahibələrində, çıxış­larında bildirmişdir ki, dəhliz, Türkiyə, Azərbaycan, bütövlükdə region, o cümlədən, Ermənistan üçün yeni imkan yaradacaq: “Ermənistanla İran arasında dəmir yolunun çəkilməsi yəqin ki, 20 ildir müzakirə olunan məsələdir, amma reallıqda hələ heç nə yoxdur. Çünki bu layihə, ən azı, üç milyard dollar tələb edir. Amma Naxçıvanla İran arasında dəmir yolu xətti var – onlar bundan istifadə edə bilərlər".

Ermənistan tərəfi anlamır ki, Zəngəzur dəhlizinin açılması, ilk növbədə, öz iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir. Çünki Zəngəzur dəhlizinin açılması region dövlətlərin inkişafı ilə yanaşı, Ermənistanın da iqtisadi blokadadan çıxması deməkdir. Ona görə ki, dəhlizin üstün cəhətlərindən biri də əsas tranzit marşrutların üzərində yerləşməsidir.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikası Zəngəzur dəhlizinin açılmasına qarşı aqressiv bir yanaşma sərgiləməkdədir. Bu, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə digər rayonları arasında əsas bağlantı rolunu itirmək qorxusundan irəli gəlir. İran Türkiyə ilə Mərkəzi Asiya arasında birləşdirici rolunu, eləcə də, Avrasiya İqtisadi Birliyi ilə əlaqələrini itirməkdən narahatdır. 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsindən sonra, Orta Dəhlizin strateji əhəmiyyəti artdıqca, Zəngəzur dəhlizi İranın Şərq və Qərb arasında nəqliyyatda mərkəzi rolunu daha da azaldacaqdır. Bu səbəbdən İran, “Zəngəzur dəhlizi” layihəsinə dəstək verməyən tərəfdədir.

Beləliklə, regional önəmi olan “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsi region ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, o cümlədən, istehsalçı, istehlakçı və tranzit ölkələr arasında ticarət əlaqələrinin diversifikasiyalaşmasına xidmət edəcəkdir. Regional əməkdaşlıq və region ölkələri arasında iqtisadi təhlükəsizliyin artırılması fonunda Zəngəzur dəhlizi nəzərə çarpacaq dərəcədə əhəmiyyət kəsb edir. Belə ki, Avropa və Asiya arasında Zəngəzur dəhlizindən daha əlverişli tranzit mərkəz rolunu oynaya biləcək uyğun alternativin mövcudluğu sual altındadır. Dəhlizin digər bir regional əhəmiyyəti Çin tərəfindən təşəbbüs edilən “Bir kəmər, bir yol” layihəsinə verə biləcəyi töfhədir. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır. Şübhəsiz ki, Çin–Rusiya–İran–Azərbaycan xəttində mühüm məntəqə olan Zəngəzur dəhlizi də Pekin üçün Türkiyə vasitəsilə Avropa və Körfəz ölkələrinə, Afrikaya yeni imkan deməkdir. Bu marşrut həm ucuz, həm də digərlərinə nisbətən qısadır.

  tərcüməçi

Şəlalə Hüseynova