İNTEQRASİYANIN YENİ SƏHİFƏSİ OLAN ZƏNGƏZUR DƏHLİZİNİN STRATEJİ ƏHƏMİYYƏTİ
27 sentyabr 2020-ci il tarixində Azərbaycan
Respublikası öz ərazi bütövlüyünü təmin etmək məqsədilə Vətən müharibəsinə
başlamışdır. Bu yolda zəfər qazanan Azərbaycan tərəfi 19 sentyabr 2023-cü il
lokal xarakterli antiterror əməliyyatı ilə öz ərazi bötövlüyünü tamamilə təmin
etmişdir. Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın
9-cu maddəsində bölgədəki
kommunikasiya xətlərinin bərpa olunması yer almışdır. 26 oktyabr 2021-ci il
tarixində Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123
kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini
atmışlar. Qeyd olunan hadisənin ardınca, 2021-ci il Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Soçi Bəyannaməsi
“Zəngəzur dəhlizi” reallığa çevrilməsi üçün atılan ilk addım olmuşdur. Dəhliz 30 ilə yaxın işğal altında olan və talançılığa
məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf
etmiş Sünik (Zəngəzur) bölgəsi və
onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini
biri-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi
yüksəlişə ciddi töhfə verəcəkdir.
Türk dünyasını birləşdirən bu tarixi dəhliz lokal
və regional müstəvidə önəm kəsb etməkdədir. Lokal xarakterdə nəzərə almaq
lazımdır ki, Azərbaycan Respublikası öz torpaqları arasındakı quru əlaqəni bərpa
etməklə yanaşı dəhlizin istifadəyə verilməsi ilə regional ticarət
marşrutlarının qısa və effektiv şəkildə təşkil edilməsinə imkan yaradacaqdır.
Bununla da, lokal istehsalçıların məhsullarını daha sürətli bazara çıxarmasına,
eyni zamanda, xarici investorların regiona cəlb olunmasına kömək edəcəkdir Prezident İlham Əliyev Zəngəzur
dəhlizinin strateji əhəmiyyətini müxtəlif regional və beynəlxalq forumlarda, o
cümlədən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə
77-ci İqtisadi və Sosial Komissiyasında çıxışlarında qeyd etmişdir. Azərbaycan
Prezidenti müsahibələrində, çıxışlarında bildirmişdir ki, dəhliz, Türkiyə,
Azərbaycan, bütövlükdə region, o cümlədən, Ermənistan üçün yeni imkan
yaradacaq: “Ermənistanla İran arasında dəmir yolunun çəkilməsi yəqin ki, 20
ildir müzakirə olunan məsələdir, amma reallıqda hələ heç nə yoxdur. Çünki
bu layihə, ən azı, üç milyard dollar tələb edir. Amma Naxçıvanla İran arasında
dəmir yolu xətti var – onlar bundan istifadə edə bilərlər".
Ermənistan tərəfi
anlamır ki, Zəngəzur dəhlizinin
açılması, ilk növbədə, öz iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir. Çünki
Zəngəzur dəhlizinin açılması region dövlətlərin inkişafı ilə yanaşı, Ermənistanın
da iqtisadi blokadadan çıxması deməkdir. Ona görə ki, dəhlizin üstün cəhətlərindən
biri də əsas tranzit marşrutların üzərində yerləşməsidir.
Qeyd etmək lazımdır ki, İran İslam
Respublikası Zəngəzur dəhlizinin açılmasına qarşı aqressiv bir yanaşma sərgiləməkdədir.
Bu, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə digər rayonları arasında əsas
bağlantı rolunu itirmək qorxusundan irəli gəlir. İran Türkiyə ilə Mərkəzi Asiya
arasında birləşdirici rolunu, eləcə də, Avrasiya İqtisadi Birliyi ilə
əlaqələrini itirməkdən narahatdır. 2022-ci ildə başlamış Rusiya-Ukrayna
müharibəsindən sonra, Orta Dəhlizin strateji əhəmiyyəti artdıqca, Zəngəzur
dəhlizi İranın Şərq və Qərb arasında nəqliyyatda mərkəzi rolunu daha da
azaldacaqdır. Bu səbəbdən İran, “Zəngəzur dəhlizi” layihəsinə dəstək verməyən
tərəfdədir.
Beləliklə, regional
önəmi olan “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsi region ölkələri
arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, o cümlədən, istehsalçı,
istehlakçı və tranzit ölkələr arasında ticarət əlaqələrinin
diversifikasiyalaşmasına xidmət edəcəkdir. Regional əməkdaşlıq və region ölkələri
arasında iqtisadi təhlükəsizliyin artırılması fonunda Zəngəzur dəhlizi nəzərə çarpacaq
dərəcədə əhəmiyyət kəsb edir. Belə ki, Avropa və Asiya arasında Zəngəzur dəhlizindən
daha əlverişli tranzit mərkəz rolunu oynaya biləcək uyğun alternativin
mövcudluğu sual altındadır. Dəhlizin digər bir regional əhəmiyyəti Çin tərəfindən
təşəbbüs edilən “Bir kəmər, bir yol” layihəsinə verə biləcəyi töfhədir. “Bir kəmər,
bir yol” layihəsi çərçivəsində Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat
xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır. Şübhəsiz ki,
Çin–Rusiya–İran–Azərbaycan xəttində mühüm məntəqə olan Zəngəzur dəhlizi də
Pekin üçün Türkiyə vasitəsilə Avropa və Körfəz ölkələrinə, Afrikaya yeni imkan
deməkdir. Bu marşrut həm ucuz, həm də digərlərinə nisbətən qısadır.
tərcüməçi
Şəlalə Hüseynova