LOKAL XARAKTERLİ ANTİTERROR ƏMƏLİYATINI ZƏRURİ EDƏN AMİLLƏR
2020-ci ildə qazanılmış Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il
sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı 24 saatlıq lokal xarakterli
antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də
suverenliyini tam bərpa etmişdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ İqtisadi
rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni
silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri edən
bir neçə amil var idi. 10 noyabr 2020-ci il tarixində Ermənistan Respublikası, Rusiya
Federasiyası və Azərbaycan Respublikası arasında imzalanmış üçtərəfli bəyanata əsasən Ermənistan
öz ordusunun qalıqlarını tərki-silah etməli, Qarabağ İqtisadi rayonundan
çıxarmalı idi. Ancaq, sözügedən hadisədən 3 (üç) il keçməsinə baxmayaraq Ermənistan
öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Əksinə olaraq, qanunsuz silahlı
dəstələrin təminatı ER tərəfindən həyata keçirilmiş və Qarabağa silah-sursat daşınması
davam etmişdir. Bundan başqa, sözügedən ərazidə Azərbaycan mövqeləri ilə üzbəüz
istiqamətlərdə aktiv şəkildə mühəndis-istehkam işləri aparılmış, kəşfiyyat fəaliyyəti
həyata keçirən qrupların sayı artırılmış, ərazi və yolların minalanmasına
başlanmışdır. Lokal xarakterli antiterror əməliyyatını zəruri edən digər əsas
amil isə erməni separatçıların Azərbaycanın dövlətçilik dəyərlərini kobud şəkildə
pozmaları olmuşdur. Belə ki, Qarabağ İqtisadi zonasında yaşayan ermənilər özlərinin
müstəqillik idealarından əl çəkməmiş, qeyri-qanuni “prezident” seçkiləri
keçirmiş və özlərinin qondarma “parlament”ləri adından Azərbaycana qarşı bəyanatlar
səsləndirmişlər. Bütün bu sadaladıqlarımız 19-20 sentyabr 2023-cü il tarixində
Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün lokal
xarakterli antiterror əməliyyatına başlamasını zəruri etmişdir. 19 sentyabr
2023-cü il tarixində Qaraxanbəyli-Füzuli-Şuşa yolunda erməni diversiya qrupları
tərəfindən terror məqsədi ilə öncədən quraşdırılmış minanın partlaması Azərbaycan
dövlətinin səbrini daşıran son həmlə olmuşdur. Həyata keçirilən tədbirlər çərçivəsində
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan
mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı
obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azəbaycan Ordusu tərəfindən bu əməliyyatın gedişində
mülki əhali və infrastruktur obyektləri hədəfə alınmamış, yalnız legitim hərbi
hədəflər məhv edilmişdir. Haqqında danışılan əməliyyat sayəsində düşmənin
60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir. Bununla
yanaşı, erməni separatçılara məxsus 20-dən çox hərbi təyinatlı maşın, 40-dan
artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6
ədəd “Martira” radioelektron mübarizə stansiyası və başqa hərbi təyinatlı vasitələr
sıradan çıxarılmışdır. Əməliyyatlar xüsusilə separatçıların mövqelərinin yerləşdiyi
Papravənd-Sərsəng, Qalayçılar–Heyvalı, Canyataq–Sırxa–Vənd, Gülyataq–Mehmana,
Abdal–Harov, Abdal–Yemişcan, Yuxarı Veysəlli–Qarakənd, Qacar–Sos,
Qarabulaq–Xaçmas, Sıqnax–Dağdağan, Əliağalı–Kolataq, Abdal–Xocalı istiqamətlərində
aparılmışdır. 20 sentyabr 2023-cü il tarixində separatçı rejim özünün təslim
olma bəyanatını Azərbaycan tərəfinə təqdim etmişdir. Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev bu məsələyə münasibətini belə bildirmişdir: “Əməliyyatın
uğurlu gedişatı, təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət
göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Ermənistan ordusunun
bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah
olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları
və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini
dayandıra bilər. Bu gün səhər saatlarında artıq bizə bildirildi ki, bizim şərtlərimiz
qəbul edilib”. Bundan sonra, şanlı Azərbaycan
Ordusu tərəfindən separatçıların əlində olan silahların müsadirəsinə
başlanmışdır. Əldə olunan silahların bəzilərinin istehsal tarixinin 2021-ci il
olması bir daha sübut etdi ki, ermənilər üçtərəfli sazişdən sonra da öz məkrli planlarından
əl çəkməmişdir.
Yekunda qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror əməliyyatı
sayəsində Azərbayan özünün ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa
etmişdir. Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixində baş vermiş İkinci
Qarabağ müharibəsində qazandığı qələbəsini lokal xarakterli antiterror əməliyyatı
ilə taclandırmışdır.
Qafqaz regionu üzrə ekspert
Həsən Əhmədov