Beynəlxalq Avrasiya Mətbuat Fondunda(BAMF) “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib
Martın
7-də BAMF-də “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi, ADPU-nun Qərbi Azərbaycan
Araşdırmalar Mərkəzi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan
həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir
keçirilib.
Tədbiri
giriş nitqi ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov
Qərbi Azərbaycan mövzusunun araşdırılmasının və obyektiv məlumatların ictimaiyyətə
çatdırılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, müxtəlif dövrlərdə Qərbi
Azərbaycanla bağlı məlumatlar təhrif olunaraq təqdim edilib və bu səbəbdən məsələyə
həm hüquqi, həm də tarixi baxımdan yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. Onun
sözlərinə görə, arxiv materiallarının, beynəlxalq sənədlərin və tarixi mənbələrin
araşdırılması həqiqətlərin üzə çıxarılmasına kömək edir.
Daha
sonra, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova
bildirib ki, çox təəssüf ki, Qərbi Azərbaycanla bağlı erməni media
resurslarında materiallar birtərəfli və ya təhrif olunmuş şəkildə təqdim
olunur. Bu səbəbdən də, həmin məlumatların araşdırılması, müqayisəli şəkildə təhlil
edilməsi və faktlara əsaslanan yanaşmanın ortaya qoyulması xüsusi əhəmiyyət kəsb
edir. Məhz, bu səbəbdəndir ki, tərəfimizdən həmin materiallar araşdırılmış,
toplanmış, tərcümə və təhlil edilmişdir. T.Əsədova əlavə edib ki, sözügedən
materialların tərcüməsi və təhlili regionda daha sağlam informasiya mühitinin
formalaşmasına çox böyük xidmət göstərəcəkdir.
Qərbi
Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova isə çıxışında
mövzunun elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb. O, qeyd edib
ki, ermənilər təkcə tarixi torpaqlara deyil, həm də Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinə sahib çıxmağa cəhd göstəriblər. Onun sözlərinə görə, erməni mənbələrində
Qərbi Azərbaycan mövzusu ilə bağlı yayılan məlumatların böyük hissəsi
saxtalaşdırılmış və təhrif olunmuş şəkildə təqdim edilir və bu kimi iddiaların
mahiyyətini ortaya qoymaq üçün geniş elmi araşdırmalar aparılmalıdır.
Tədbirə
ev sahibliyi edən BAMF prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, Bakı
tarixən beynəlmiləl şəhər kimi tanınıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində
uzun illər anti-türk və anti-Azərbaycan ideologiyası təbliğ olunub. Mirzəyev
vurğulayıb ki, Qərbi Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətini
əks etdirən layihələrin hazırlanması vacibdir və BAMF bu mövzuların
işıqlandırılmasına daim dəstək verir.
Qərbi
Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov isə Ermənistan mediasında Qərbi
Azərbaycan mövzusu ilə bağlı yayılan məlumatların diqqətlə izlənilməsinin
vacibliyini qeyd edib. O, bildirib ki, müxtəlif dövrlərdə bu ərazilərdən on
minlərlə azərbaycanlı zorla köçürülüb və bu faktlar tarixi sənədlərlə təsdiqlənir.
Q.Qasımov əlavə edib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi
beynəlxalq hüquq normaları çərçivəsində müzakirə olunur.
Qərbi
Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev çıxışında
tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və gənclərin ata-baba
yurdlarının tarixini öyrənməsinin əhəmiyyətini qeyd edib.
“Cosmoline”
Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti, layihə rəhbəri və
baş tərcüməçi Həsən Əhmədov isə təqdimat zamanı erməni mediasında Qərbi Azərbaycanla
bağlı yayılan bəzi materialların təhrif olunduğunu diqqətə çatdırıb. O bildirib
ki, təqdimatda həm Ermənistan iqtidarının, həm də müxalifətinin mövzuya
yanaşması araşdırılıb.
Tədbirdə,
həmçinin, Azərbaycan Dillər Universitetinin(ADU) tələbələri, tarixçi-alim Məmməd
Vəliyev, “Saral” kənd İcmasının rəhbəri Anar Osmanlı və “Bütöv Azərbaycan” qəzetinin
təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək mövzu ilə bağlı
fikirlərini bölüşüb və bu istiqamətdə aparılan araşdırmaların əhəmiyyətini
vurğulayıblar.
Tədbir
çərçivəsində H.Əhmədovun müəllifi olduğu saxtalaşdırılmış materiallara dair
videoçarx nümayiş olunub.
Ən
sonda tədbirlə bağlı xatirə fotosu çəkilmişdir.