14.05.2025
İlk sivilizasiyaların gizli dünyası: İnanc və mədəniyyətin başlanğıcı

İnsan cəmiyyətinin formalaşmasında qədim xalqların inancları və mədəniyyətləri mühüm rol oynamışdır. Bu inanclar və mədəniyyətlər nəinki gündəlik həyatı, həmçinin, siyasəti, iqtisadiyyatı, sənəti və hətta elm sahələrini də dərin şəkildə təsirləndirmişdir. Mesopotamiya, Misir, Hind vadisi, Çin və Amerika qitəsindəki sivilizasiyalar qədim dünyanın mədəni mozaikasını təşkil etmişdir.

Həmin sivilizasiyaların əsasını Mesopotamiya mədəniyyəti təşkil edir. “İki çay arası” (Fərat və Dəclə) bölgəsi – dünyanın ilk şəhər dövlətlərinin və yazı sisteminin yaranması ilə tanınır. Burada yaşayan şumerlər, akkadlar, assuriyalılar və babillər çoxtanrılı dinə inanırdılar. Tanrılar insanlara bənzər şəkildə təsvir olunur, lakin fövqəltəbii güclərə sahib idilər. Enlil, Enki, İştar və Marduk kimi tanrılar əsas rollarda idi. Onlar təbiət hadisələrini, məhsuldarlığı və döyüşləri idarə edən varlıqlar kimi qəbul edilirdi.

Mesopotamiyada “Zikkurat” adlanan mərtəbəli məbədlər tikilirdi. Bu məbədlər həm dini ayinlər, həm də astronomik müşahidələr üçün istifadə olunurdu. Şumerlərin mədəni irsi olan gil lövhələrdəki mixi yazılar, bəşər tarixinin ilk yazılı qanunları və epik əsərləri (məsələn, “Gilqamış dastanı”) insanın mənşəyi və ölümsüzlük axtarışlarını əks etdirir.

İlk sivilizasiyaların əsasını qədim Misir mədəniyyəti təşkil edir. Nil çayı boyunca inkişaf edən Misir sivilizasiyası da çoxtanrılı dinə əsaslanırdı. Ən məşhur tanrılar arasında Ra (günəş tanrısı), Osiris (ölülər aləminin hakimi), İsis və Horus vardı. Misirlilər ölüm və axirətə çox inanırdılar, bu da mumyalama və piramidaların tikintisinə səbəb olmuşdu. Onlar hesab edirdilər ki, insan öldükdən sonra onun ruhu (ka) bədəninə qayıda bilər və bu səbəblə bədənin qorunması zəruri idi.

Qədim misirlilər sənət və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə çatmışdılar. Heroqlif yazısı ilə yazılmış dini mətnlər, fironların məzarlarında tapılan rəsmlər və sənət əsərləri bu mədəniyyətin zənginliyini sübut edir.

Hind Vadisi Sivilizasiyası isə təqribən e.ə. 2500-cü illərdə Hind vadisində inkişaf edən Harappa və Mohenjo-Daro şəhərləri planlı arxitekturası, su-kanalizasiya sistemi ilə seçilirdi. Bu sivilizasiya haqqında məlumatlar daha az olsa da, oradakı möhürlərdə heyvan simvolları və tanrı fiqurları dini inancın mövcudluğunu göstərir. Onlar təbiətə bağlı tanrılara sitayiş edirdilər, bu da sonrakı hinduizmin əsaslarını təşkil edə bilər.

Hind vadisi insanları sülhsevər görünürdülər – indiyədək heç bir böyük silah və ya müharibə səhnəsi təsvir olunmuş sənət əsəri tapılmayıb. Bu da onların inanclarında harmoniyanın ön planda olduğunu göstərir.

Qədim sivilizasiyanın kökləri Çin torpaqlarına qədər uzanmışdır və sivilizasiyanın kökləri e.ə. 2000-ci illərə qədər gedib çıxır. Ən qədim dövrlərdə Şan və Cou sülalələri dövründə ruhlara və əcdadlara inam əsas dini baxış idi. Çinlilər əcdadların ruhlarının hələ də yaşayanların həyatına təsir etdiyinə inanır, onlara qurbanlar verirdilər. Tanrıların ən böyüyü “Şan Di” idi.

Çində yazı sisteminin inkişafı, ipək və kağızın kəşfi, konfutsiçilik və taoizm kimi fəlsəfi-mənəvi axımların formalaşması bu mədəniyyətin çoxşaxəli olduğunu sübut edir. İnanclar gündəlik davranışa, ailə strukturlarına və hökmdarlıq ideologiyasına da təsir edirdi.

Mərkəzi və Cənubi Amerikanın qədim xalqları, Amerika qitəsində yaşamış mayya, inka və asteklər də zəngin inanclara və mədəniyyətlərə malik idilər. Mayyalar astronomiya və riyaziyyatda olduqca irəliləmişdilər, onlar üçün zamanın dövri axını müqəddəs idi. Günəş, ay, Venera və digər göy cisimləri onların dini ayinlərinin əsas hissəsi idi. Qurbanvermə mərasimləri tanrıları razı salmaq üçün həyata keçirilirdi.

İnkalar And dağlarında böyük imperiya yaratmışdılar. Onlar “Inti” (günəş tanrısı) və “Pachamama” (torpaq anası) kimi tanrılara sitayiş edirdilər. İnkalar infrastruktur, kənd təsərrüfatı və mədəniyyət sahəsində yüksək təşkilatlanma nümayiş etdirmişdilər.

Ümumiyyətlə, qədim xalqların inancları onların dünyagörüşünü, cəmiyyət quruluşunu və mədəni irsini formalaşdıran əsas sütunlardan biri olmuşdur. Bu xalqların inşa etdiyi məbədlər, yazdıqları dastanlar, qurban mərasimləri və gündəlik rituallar bir tərəfdən tarixi öyrənmək üçün açar rolu oynayır, digər tərəfdən isə müasir insanın öz mənəvi keçmişini dərk etməsində mühüm vasitəyə çevrilir. Onların mirası bu gün də bəşər sivilizasiyasının təməl daşlarından biri kimi yaşayır.

Tərcüməçi

Quluzadə Solmaz