22.04.2025
Sivilizasiyanın inkişaf körpüsü: Yazının doğuluşu

Tarix boyu insan cəmiyyəti yaşadığı təcrübələri, topladığı bilikləri və formalaşdırdığı düşüncələri qorumaq, paylaşmaq və gələcək nəsillərə ötürmək ehtiyacı duymuşdur. Əvvəlcə bu məqsədlə şifahi ənənələrə, miflərə, əfsanələrə və hekayələrə üz tutan insanlar, zaman keçdikcə fəaliyyət sahələrinin mürəkkəbləşməsi fonunda yazını tarixin axarını dəyişdirən inqilabi bir ixtira kimi meydana gətirmişlər. Bu səbəbdən yazı, insanlığın inkişaf yolunda atılmış ən mühüm addımlardan biri hesab olunur. O, yalnız informasiya mübadiləsini mümkün edən texniki bir vasitə deyil, həm də sivilizasiyaların təşəkkülü və mədəniyyətin sistemləşməsi üçün bünövrə rolu oynayan bir alətdir. Yazı vasitəsilə cəmiyyətlər öz hüquqi qaydalarını müəyyənləşdirmiş, dini inanc sistemlərini sabitləşdirmiş, iqtisadi münasibətləri rəsmiləşdirmiş və tarixi hadisələri qeyd altına almışlar. Hər bir yazı nümunəsi təkcə texniki məlumat daşıyıcısı deyil, həm də həmin dövr insanının dünyanı necə dərk etdiyini, nəyə inandığını, hansı dəyərlərə üstünlük verdiyini əks etdirən mədəni bir izdir.

Ən qədim yazı növləri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onlar təkcə yazının texniki və struktur xüsusiyyətlərini deyil, həm də o dövr sivilizasiyalarının intellektual səviyyəsini, ictimai təşkilatlanmasını və düşüncə sistemini təhlil etməyə imkan verir.

Belə ki, ən qədim və sistemli yazı növlərindən biri Şumerlərə məxsus olan mixi yazıdır (akkad dilində “cuneiform”, yəni “mixvari formalar”). Bu yazı forması eramızdan əvvəl təxminən 3400-cü illərdə Mesopotamiya (müasir İraq) ərazisində, Dəclə və Fərat çayları arasında yerləşən qədim sivilizasiya beşiyində  meydana çıxmışdır. İlk baxışda sadə işarələrdən ibarət olan bu sistem, əslində zamanla mürəkkəb və çevik bir yazı forması halına gəlmiş, Şumer mədəniyyətindən başlayaraq, min illər boyunca müxtəlif sivilizasiyalar tərəfindən istifadə olunmuşdur.

Mixi yazı ilk dövrlərdə əsasən piktoqrafik, yəni şəkil formasında olmuşdur. İnsanlar istədikləri anlayışları və ya əşyaları birbaşa təsvir edərək, qeyd etmişlər. Məsələn, taxıl anbarı üçün bir sünbül şəkli, ya da mal-qara üçün buynuzlu heyvan təsviri çəkilirdi. Lakin cəmiyyətin inkişafı, iqtisadi və inzibati sistemin mürəkkəbləşməsi, daha çox informasiya ehtiyacını doğurdu. Bu isə yazının fonetik səviyyədə inkişafını labüd etdi. Artıq işarələr təkcə əşyanı deyil, həmin əşyanın adındakı səsi də təmsil etməyə başladı. Beləliklə, mixi yazı tədricən fonetik elementləri özündə birləşdirərək, logofonetik bir sistemə çevrildi.

Bu yazı gil lövhələr üzərinə qamışdan hazırlanmış xüsusi qələmlərlə yazılırdı. Yazı alətinin ucu üçbucaq formalı olub, gil üzərində müxtəlif istiqamətlərdə basdırılaraq, mixvari izlər buraxdığı üçün  yazı “mixi” adlandırılır. Ən maraqlı cəhətlərdən biri odur ki, bu lövhələr odla bərkidildikdə min illər boyunca saxlana bilirdi. Bu gün arxeoloqlar Mesopotamiyadakı qazıntılar zamanı on minlərlə belə lövhə tapmış, onların bəzilərini oxuyaraq, qədim dünyanın hüquqi sistemini, iqtisadi fəaliyyətini və gündəlik həyatını öyrənmişlər.

Mixi yazı ilkin mərhələdə əməkhaqqı ödənişləri, vergilərin qeydiyyatı, əmtəə siyahıları və yer dəyişmələri kimi iqtisadi məqsədlər üçün istifadə olunurdu. Lakin yazının potensialı çox keçmədən genişləndi. Şumerlər bu yazını hüquqi sənədlər, dini himnlər, astroloji müşahidələr, ədəbi əsərlər və hətta məktəb tədrisi üçün də tətbiq etməyə başladılar. Dünyanın ilk yazılı ədəbiyyat nümunəsi sayılan “Gilqameş dastanı” da məhz mixi yazı ilə gil lövhələr üzərinə yazılmışdır. Bu mətn təkcə epik qəhrəmanlıq hekayəsi deyil, həm də insanın ölümlə münasibətinə dair fəlsəfi düşüncəni əks etdirir.

Bununla yanaşı mixi yazının əhatə dairəsi Şumerlərlə məhdudlaşmamış, sonradan Mesopotamiyanın digər böyük dövlətləri olan Akkad, Babil və Assur imperiyalarına da keçmişdir. Bu dövlətlər öz dillərində, lakin eyni yazı sistemindən istifadə edərək, çoxsaylı inzibati və dini mətnlər yaratmışlar. Hətta daha sonrakı dövrlərdə, mixi yazı siyasi gücünü itirsə belə, diplomatik yazışmalarda və elmi tədrisdə hələ uzun müddət mövcud olmuşdur.

Belə ki, XX əsrin əvvəllərində arxeoloqlar İraqın cənubunda aparılan qazıntılarda bir məktəbə aid gil lövhələr tapmışdılar. Bu lövhələrdə gənc şagirdlərin mixi yazı simvollarını təkrar etdikləri görünürdü. Onlardan birində şagird müəllimindən şikayət edərək, yazmışdı: “O mənə qamçı ilə vurdu, çünki mən düzgün yazmadım.” Bu isə sübut edir ki, yazı öyrənmək qədimdə də həm çətin, həm də ciddi bir proses olub.

Beləliklə, mixi yazı sadəcə bir ünsiyyət vasitəsi deyil, eyni zamanda, qədim Mesopotamiya sivilizasiyasının hüquqi, sosial və mədəni yaddaşını bu günümüzə daşıyan qiymətli bir mirasdır. Bu yazı forması insan tarixində yazının informasiya daşıyıcısı kimi necə formalaşdığını anlamaq üçün mühüm açarlardan biridir.

Qədim yazı formaları arasında özünəməxsusluğu ilə seçilən növlərdən biri də  Misir heroqlifləridir. Təxminən e.ə. 3100-cü ildən istifadə olunmağa başlanan bu yazı sistemi əsasən məbədlərdə, məzar abidələrində və papiruslar üzərində tətbiq olunmuşdur. Heroqliflər simvolik və fonetik mənaları özündə birləşdirən mürəkkəb yazı sistemidir. Onlara qədim misirlilərin dini dünyagörüşünü, miflərini və gündəlik həyatını əks etdirən minlərlə mənbədə rast gəlinir. Heroqlif yazı, eyni zamanda, dekorativ sənət kimi də böyük əhəmiyyət daşıyıb və bu gün də Misir sivilizasiyasının ən tanınan mədəni göstəricilərindən biridir.

Digər yazı nümunəsi Qədim Hind vadisi sivilizasiyasında istifadə olunan yazı forması isə elmi ədəbiyyatda “proto-Hind yazısı”dır. Bu yazı forması e.ə. 2600-1900-cü illərə təsadüf edir. Arxeoloji qazıntılar nəticəsində aşkarlanmış möhürlər və kiçik lövhələr üzərindəki yazılar bu mədəniyyətin inkişaf etmiş bir ünsiyyət sistemi olduğunu göstərsə də, təəssüf ki, hind yazı sistemi bu günə qədər tam şəkildə oxuna bilməyib. Bu səbəbdən də, Hind vadisi yazısının dəqiq strukturu və dili hələ də mübahisə mövzusudur.

Daha bir diqqətəlayiq qədim yazı forması Çin orakl sümüyü yazısıdır. Bu yazı e.ə. 1200-cü illərə aiddir və heyvan sümükləri ilə tısbağa qabıqları üzərində yazılmışdır. Əsasən, kahinlər tərəfindən gələcək hadisələri proqnozlaşdırmaq məqsədilə istifadə olunan bu yazı forması qədim Çin inancı və idarəetmə sistemi ilə sıx bağlı idi. Əhəmiyyətli cəhəti isə budur ki, Çin yazısı zamanla təkmilləşərək, bu günə qədər yaşamağı bacaran nadir yazı sistemlərindən birinə çevrilmişdir.

Nəticə olaraq demək olar ki, yazının yaranması bəşər tarixində mühüm bir mərhələ olmuşdur. Ən qədim yazı sistemləri sadəcə texniki alət deyil, həm də qədim xalqların mədəniyyətini, inanclarını və ictimai quruluşunu bizə çatdıran bir körpü rolunu oynayır. Bu yazılar sayəsində biz min illər əvvəl yaşamış insanların həyatına, düşüncələrinə və cəmiyyətlərinə nəzər sala bilirik. Yazı bəşəriyyətin kollektiv yaddaşıdır və onun ilk nümunələri bizim bu yaddaşı anlamağımız üçün açar rolunu oynayır.

Tərcüməçi

Hüseynova Şəlalə